Antalya hava limanı Avropanın ən bahalı aeroportu elan olunub.
GoMap-in Türkiyənin VTV televiziya kanalına istinadən verdiyi məlumata görə, VTV turistlərin Antalya aeroportunun həddindən artıq bahalı olması ilə bağlı şikayətlərini nəzərə alaraq, aeroportda təklif olunan qida və içkilərin qiymətləri üzrə təhqiqat aparıb.
Təhqiqatın nəticələrinə əsasən, Antalya hava limanında qida məhsullarının qiymətləri Avropa aeroportları arasında ən bahalı olub. Belə ki, Almaniyanın iri hava limanlarından biri olan Düsseldorf aeroportunda bir sendviç 3,50 avroya (8 lirə) təklif olunduğu halda, Antalya aeroportunda bu məhsul 10,5 lirəyə satılır. Bundan başqa, Düsseldorf hava limanında bir keksin qiyməti 1,95 avro (4,5 lirə) təşkil edir, Antalya aeroportunda isə həmin keksi 6-10 lirəyə almaq olar.
Suyun qiymətinə gəldikdə isə, Antalya aeroportunda yarım litrlik qabda olan su 4 lirəyə, Batumi aeroportunda 1,8 lirəyə, İstanbulun Atatürk hava limanında 2,5 lirəyə təklif olunur.
Antalya aeroportunun bahalı olmasına baxmayaraq, 2011-ci ildə bu hava limanı Avropanın ən yaxşı aeroportu statusuna layiq görülüb. Həmin il aeroportun ətraf mühitin qorunması məsələlərində effektiv həllərin yaradılması, təhlükəsizlik, ictimaiyyətlə əlaqələrin yaradılması və müştərilərin xidmətlərdən razılığı kimi amillər nəzərə alınıb.
APA