Minskdə “Nar bayramı”
3.10.2016

 “Minsk-Novosti” agentliyinə istinadla xəbər verilir ki, oktyabrın 1-də Minskin Yuxarı şəhər ərazisində “Nar bayramı” adlı Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Minsk sakinlərini və şəhərin qonaqlarını Azərbaycan parlamentinin deputatları, ölkəmizin Belarusdakı səfirliyinin əməkdaşları, Minsk Şəhər İcraiyyə Komitəsinin İdeoloji İş, Mədəniyyət və Gənclərin İşləri üzrə Baş İdarəsi rəisinin birinci müavini, “Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri, Belarusun Əməkdar İdman Ustası Natiq Bağırov və başqa rəsmi şəxslər salamlayıblar.

Tədbirə qatılanları ənənəvi Azərbaycan nemətlərinin – min bir dərdin dərmanı nar şirəsinə, paxlavaya və qoz, qızılgül, zoğal, heyva, ərik mürəbbələri ilə ətirli çaya qonaq ediblər. Qonaqlar kababın və ətirli plovun dadına baxıblar.

Bayramın təşkilatçıları zəngin proqram hazırlayıblar. Qonaqlar maraqlı idman yarışına - Azərbaycanın milli idman növü olan güləş üzrə nümunəvi çıxışlara tamaşa ediblər, nərd oyunu və milli rəqslər üzrə ustad dərslərinin iştirakçısı olublar.

Minsk bələdiyyəsinin divarları qarşısında satış sərgisi açılıb. Qonaqlara xalça və qədim qab-qacaq ekspozisiyası təqdim edilib.

“Nar bayramı”nda Azərbaycan incəsənətini “Sarı gəlin” və “Qafqaz əfsanələri” rəqs kollektivləri təqdim ediblər. Gənc, amma yetərincə tanınmış ifaçılar – Günəş Abbasova, Şir, Saşa Kazımova, Ruslan Aslanov, habelə Hollandiyadan gəlmiş xüsusi qonaq, müğənni və bəstəkar Elcan Rzayev də çıxış ediblər.

Bayramı Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Minsk Şəhər İcraiyyə Komitəsi, “Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi, Respublika Milli Mədəniyyətlər Mərkəzi təşkil ediblər.

azertag.az