Azərbaycan Nigeriyada beynəlxalq festivalda təmsil olunub
3.10.2016

Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalı təşkil edilib. Festivalda Laqosda yaşayan 17 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, Polşa, İtaliya, Nigeriya, İngiltərə və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə həmvətənimiz Billurə Bayramova təmsil edib.

B.Bayramova bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Tərəkəmə” böyük maraqla qarşılanıb.

Billurə Bayramova bildirib ki, festivalın açılış mərasimində müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

Onun sözlərinə görə festivalın təşkilində məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

Qeyd edək ki, festival çərçivəsində, milli geyimlərin “Fashion shows”u təşkil edilib. Azərbaycanı bu paradda iki geyimlə “Sarı gəlin” musiqisinin sədaları altında Billurə Bayramova və İtaliyadan olan xanım Debora Zurru təmsil edib.

azertag.az