“Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi”
3.10.2016

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin nümayişindən əvvəl tamaşaçılar qarşısında çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət İlyas Əfəndiyevin yaradıcılığından söz açıb. Bildirib ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi ilk dəfə 52 il bundan əvvəl tamaşaya qoyulsa da mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün İlyas müəllimin müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. İlyas Əfəndiyevin bu əsəri müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Bu günün gəncləri də bu məhəbbət tamaşası ilə tanış olmalıdır. Boy çiçəyi sözünün böyük mənası var. Ona görə qərara gəldik ki, bu tamaşanın adı sadəcə boy çiçəyi ilə bağlı olsun. Vaxtilə bu tamaşada Xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. İndi isə Xalq Artisti Fuad Poladov və Əməkdar Artist Məsmə Aslanqızı oynayır”, - deyə sənət ocağının direktoru qeyd edib.

“Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada əsas rolları Xalq artisti Fuad Poladov, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs edən səhnə əsərində cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

azertag.az