Raul Loveri Kontreras Azərbaycan haqqında yenı kitab yazır
3.10.2016

ABŞ-ın bir sıra nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edən, televiziya və radio kanalları şərhçisi, Xocalı soyqırımına dair ABŞ-da nəşr olunmuş kitabın müəllifi amerikalı jurnalist Raul Loveri Kontreras Azərbaycan haqqında yenı kitab yazır.

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfərdə olan Raul Loveri Kontreras Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Limandan bildirilib ki, Raul Loveri Kontreras Bakı Limanının baş direktoru Taleh Ziyadovla görüşüb. Taleh Ziyadov qonağın diqqətinə çatdırıb ki, Ələt qəsəbəsində inşa edilən yeni Bakı limanı və yaxın gələcəkdə yaradılacaq Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və ölkəmizin istehsal potensialını artıracaq. Bütün bu addımlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin regional “hub”a çevrilməsi istiqamətində apardığı siyasətin bir hissəsidir.

Raul Loveri Kontreras Azərbaycana dair üzərində işləməkdə olduğu növbəti kitab üçün lazımi materialların əldə edilməsi məqsədilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı, onun müasir kompleksinin inşa prosesi ilə yaxından tanış olub. Kitabda bir çox mövzulara toxunan yazıçı həmçinin də Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrilməsi mövzusuna da geniş yer ayırmaq niyyətindədir.

azertag.az