Azərbaycanlı gənclər Polşada beynəlxalq festivalda
3.10.2016

Polşanın paytaxtı Varşava şəhərində “Varşava mozaikası” adı altında beynəlxalq mədəniyyət festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi Polşada Azərbaycanlı Gənclər Şurası təmsil edib. Festival zamanı qonaqlara Azərbaycanın milli yeməkləri, ləziz şirniyyatları, ölkəmizin istehsalı olan şirələr təklif edilib.

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, festivalda Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmini özündə əks etdirən jurnallar və bukletlər də paylanılıb. Polşada yaşayan həmvətənlərimizin ifasında canlı musiqi və milli rəqslər alqışlarla qarşılanıb. Bundan başqa, Azərbaycan haqqında məlumat stendi qurulub.

Təşkilatın rəhbərlərindən olan Rəsul Məmmədov festivala gələn yerli media nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verib.

“Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçirilən “Varşava mozaikası” adlı beynəlxalq mədəniyyət festivalında Polşa, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova təmsil olunub.

trend.az