Fəxri xiyabanda Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsi yad olunub
3.10.2016

Respublikamızın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri oktyabrın 3-də Fəxri xiyabana gələrək, görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə təzə-tər güllər düzüblər.

Anım mərasimində ölümündən 20 il ötən qüdrətli söz ustası İlyas Əfəndiyevin öz zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli nasirin bir-birindən maraqlı hekayə, povest, roman və dram əsərlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Bildirilib ki, İlyas Əfəndiyev ömrü boyu hər cür siyasi konyunkturadan uzaq olmaqla, yalnız ədəbiyyatın əzəli və əbədi qanunlarına istinad edib, hələ sovet dövründə Azərbaycanın bu günü ilə səsləşən dəyərli əsərlər yaradıb. Bu böyük şəxsiyyət milli nəsrin və teatr sənətinin inkişafında xüsusi xidmətlər göstərib, “İlyas Əfəndiyev teatrı” isə, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində misilsiz rol oynayıb. Ötən illər ərzində Akademik Milli Dram Teatrında yazıçının demək olar ki, bütün pyesləri tamaşaya qoyulub. 20 ildən çoxdur ki, teatr bütün mövsümlərini “Hökmdar və qızı” tamaşası ilə açır.

Vurğulanıb ki, İlyas Əfəndiyevin ölümündən ötən 20 il ərzində ona olan ümumxalq məhəbbəti günbəgün daha da artıb və əsərləri öz orijinallığını itirməyib. Ümummilli lider Heydər Əliyevin xüsusi Sərəncamı ilə ədibin “Seçilmiş əsərləri”nin 7, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3 cildliyinin nəşr edilib. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə çap olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.

azertag.az