Oktyabrın 3-4-də Çolpon-Atada (Qırğızıstan) MDB üzvü olan ölkələrin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın XXI iclası keçiriləcək.
İclas iştirakçıları Dövlətlərarası Şuranın XX iclasının qərarlarının yerinə yetirilməsinin gedişini, MDB iştirakçıları olan ölkələrin XIII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekunlarını və növbəti, XIV müsabiqənin keçirilməsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin finalının baş mükafatının – “Qızıl cild” heykəlciyi şəklində Qran-prinin təsis edilməsi, elektron nəşrlərin yaradılmasının texnoloji cəhətdən təşkili, habelə elektron nəşrlərlə işin və bu nəşrlərin satışının təşkilinin hüquqi məsələlərinin (hüquqların qorunması və piratlığa qarşı mübarizə) nəzərdən keçirilməsi planlaşdırılır.
Şura üzvləri MDB iştirakçıları olan dövlətlərin kitab ticarəti müəssisələri arasında müsabiqə keçirilməsinin bəzi aspektlərini müzakirə edəcək, Birliyin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirlərə yekun varacaqlar.
İclasda bir sıra təşkilatı məsələlərə də baxılacaq.
azertag.az