Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən verilən məlumatda bildirilir ki, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, xalqımızın zəngin daxili aləmini, mədəniyyətini əks etdirən Azərbaycan xalçaları haqqında dolğun və elmi-tədqiqat əsaslı məlumat verən Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənət muzeyinin direktoru Röya Tağıyevanın “Azərbaycan xalçaları” kitabı misirli alim Əbdülrəhman Əl-Xəmisinin redaktəsində səfirlik tərəfindən ərəb dilinə tərcümə olunmuş və nəfis tərtibatla nəşr edilmişdir. Kitab dörd fəsildən ibarətdir.
Oxucunun diqqətini cəlb etmək və Azərbaycan xalçalarının xarakterik xüsusiyyətləri barədə oxucuda aydın və əyani təsəvvür yaratmaq məqsədilə kitabda Azərbaycan xalçalarının çoxsaylı fotoşəkilləri də verilmişdir.
Kitab İsgəndəriyyə Kitabxanasına, Misirin Dövlət Kitabxanasına və aparıcı elmi-tədqiqat və mədəniyyət mərkəzlərinə, universitetlərinə verilmiş, aparıcı ictimai-siyasi xadimlərə və mədəniyyət nümayəndələrinə hədiyyə edilmişdir.
Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət mərkəzlərində kitabın təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.