Yaponiya paytaxtında üç dildə danışan robot quraşdırılıb
5.10.2016

Yaponiya paytaxtının “Tokio” stansiyasında bir neçə dildə danışan və sərnişinlərə istiqaməti müəyyənləşdirməkdə kömək edən robot quraşdırılıb. Əsasən əcnəbi turistlər üçün nəzərdə tutulan və hündürlüyü 90 santimetr olan robot “Hitachi” şirkəti tərəfindən hazırlanıb.

Məlumat şöbəsində sınaq məqsədilə yerləşdirilən robot üç dildə - yapon, ingilis və Çin dillərində danışa bilir. Süni intellektlə təmin edilən maşın verilən sualları avtomatik şəkildə ayırır.

İki yüzdən artıq sualı cavablandıran robot onun arxasında quraşdırılan monitordakı xəritədən istifadə etməyi də bacarır.

“JP Higashi Nihon” dəmiryolu şirkəti Tokionun əsas stansiyalarında quraşdırılacaq həmin robotlardan 2020-ci ildə bu şəhərdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı istifadə etməyi planlaşdırır.

azertag.az