Daşkənddə SSRİ Xalq Artisti, Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının dirijoru, Azərbaycanın yaxın dostu, professor Dilbər Əbdürrəhmanovanın 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Yubiley gecəsində Daşkənddəki xarici ölkə səfirliklərinin əməkdaşları, Özbəkistanın ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.
Tədbirdə çıxış edən Özbəkistan mədəniyyət və idman işləri nazirinin müavini Fərhad Curayev Dilbər Əbdürrəhmanovanın həyat və yaradıcılığı haqqında məlumat verib, onu əfsanəvi dirijor adlandırıb. O qeyd edib ki, Dilbər Əbdürrəhmanova keçmiş SSRİ məkanında, ümumiyyətlə Şərqdə ilk qadın dirijordur.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, pedaqogika üzrə elmləri doktoru, professor, soydaşımız Almaz Məcidova və başqaları D.Əbdürrəhmanovanın dirijorluq etdiyi əsərlər haqqında məlumat veriblər.
Sonra D.Əbdürrəhmanovanın dirijorluq etdiyi əsərlərdən parçalar göstərilib, Daşkənddəki digər teatrların kollektivləri yubilyarı təbrik edib, ona gül dəstələri və qiymətli hədiyyələr bağışlayıblar.
Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, onun bu teatrda tamaşaya qoyduğu 70-dən artıq klassik və müasir operaların dirijoru məhz Dilbər Əbdürrəhmanovadır. O, həmçinin böyük bəstəkarımız Arif Məlikovun bu teatrda uzun illərdən bəri səhnədən düşməyən “İki qəlbin dastanı” və “Məhəbbət əfsanəsi”, Fikrət Əmirovun “Min bir gecə” baletlərinin də dirijorudur.
azertag.az