Səfir: “Azərbaycan MDB-də Almaniyanın Ticarət Palatası olan ikinci ölkədir”
5.10.2016

"ATƏT-ə sədrliyi çərçivəsində Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərib və əminəm ki gələcəkdə də bu istiqamətdə öz töhfəsini verəcək”.

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Almaniyanın Milli Birlik günü ilə bağlı Bakıda keçirilən qəbulda deyib. O Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib: "Almaniya siyasi, iqtisadi, tarixi və mədəni baxımdan böyük dövlətlərdən biridir. Biz Azərbaycan və Almaniya arasında münasibətlərin dinamik şəkildə inkişafından məmnunuq. Gələcəkdə bu münasibətlər daha da dərinləşəcək və genişlənəcək. İqtisadi əlaqələrimiz çox genişdir. Azərbaycanda ciddi iqtisadi islahatlar aparılır. Düşünürəm ki, bu sahədə də alman tərəfdaşlarımızla yaxşı əməkdaşlıq edə bilərik. Bu baxımdan hökumətlərarası komissiyanın yaradılması məsələsini nəzərdən keçirmək olar".

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab iki ölkənin iqtisadi sahədə yaxın tərəfdaş olduğunu bildirib: "Azərbaycan MDB-də Almaniyanın Ticarət Palatası olan ikinci ölkədir. Biz iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycana töhfə verməyə hazırıq. Mövcud ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik".

apa.az