Beynəlxalq Müəllimlər Günü Yasamal rayonunda da qeyd edilib
5.10.2016

Yasamal rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri, qocaman təhsil işçiləri iştirak ediblər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova təhsil işçilərini təbrik edib və onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıb. O vurğulayıb ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar qazanılıb. Dövlətimizin başçısının Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açan T.Muradova bildirib ki, rayonun bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazaları zənginləşdirilib. 2015/2016-cı tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vuran 1.939 məzundan 23-ü qızıl, beşi gümüş medala layiq görülüb, 1.224-ü yüksək nəticə göstərərək tələbə adını qazanıb. Prezident İlham Əliyevin “2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” imzaladığı Sərəncama əsasən Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 9-u Yasamal rayon məktəblərinin yetirmələridir.

Sonda bir qrup təhsil işçisi əldə etdiyi uğurlara və rayonun ictimai həyatındakı fəaliyyətinə görə mükafatlandırılıb.

azertag.az