Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində növbəti muğam məclisi keçirilib.
Tədbirdə yazıçı, publisist Saminə Hidayətqızının “Muğam qəsri” kitabının təqdimatı olub.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev və başqaları kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, muğamlarla bağlı düşüncələrin əks olunduğu bu kitab muğam ifaçılarına və muğamsevərlərə bir ərməğandır, milli musiqimizin inkişafıma töhfədir.
Çıxış edənlər muğam sənətimizin inkişafına Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısından söz açıblar. Bildirilib ki, Azərbaycan muğamının müasir tarixində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlər müstəsna rol oynayır. Qeyd olunub ki, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, həm də bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Vurğulanıb ki, ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin keçirilməsi muğamın inkişafına təkan verən hadisələrdir.
Muğam məclisində xanəndələrin çıxışları bir-birini əvəz edib.
Qeyd edək ki, “Muğam qəsri” ensiklopedik toplusu Saminə Hidayətqızının müəllifi olduğu “Göy qurşağı” layihəsi çərçivəsində təqdim edəcəyi yeddi bədii-publisistik nəşrdən ikincisidir. Kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılıb, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onların həyat yolu araşdırılıb. Təkcə Azərbaycan musiqi xadimlərinin deyil, xaricdə yaşayan və muğam sənətinə töhfələr verən yaradıcı şəxslərin və sənətşünasların muğam haqqında düşüncələri topluya daxil edilib. Kitabdakı yüz muğam bilicisindən müsahibələr müxtəlif vaxtlarda qələmə alınıb və respublikanın mətbu orqanlarında “Sarı sim” rubrikası altında dərc edilib. Toplu musiqi sahəsində təhsil alan tələbələr, muğam həvəskarları, tədqiqatçılar, eləcə də kütləvi oxucular üçün nəzərdə tutulub.
azertag.az