Bu gün Milli Kino Günü qeyd olunur.
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır.
İlk filmlər fotoqraf və nasir Aleksandr Mixayloviç Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb.
Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynayıb.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s. kinoteatrlar da var idi.
1924-cü ildə AFKİ ikiseriyalı “Qız Qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxuyub. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunub. C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb ediliblər.
AFKİ sonralar “Azdövlətkino”(1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşıyıb. 1961-ci ildən C.Cabbarlı adına “Azərdaycanfilm” kinostudiyası adlanır.
Keşməkeşli həyat yolu keçən Azərbaycan kinosunun bu gün nə az, nə çox, düz 114 yaşını qeyd edir.
Əminik ki, Azərbaycan kinosu beynəlxalq festivallarda yeni filmlərlə təmsil olunacaq, mükafatlar qazanacaq.
Gün.Az