Oktyabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı, ictimai-siyasi xadim Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 200-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yolunu əks etdirən fotoslayd nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, görkəmli şairin əsərlərinin əsas motivi vətənpərvərlik olmaqla yanaşı, Vətənə, millətə, xalqa məhəbbət üstündə qurulub. Bildirilib ki, belə tədbirlərin təşkil olunması xalqımızın öz sənətkarına əbədi hörmət və məhəbbətinin təzahürü, ölkəmizdə şeirə, ədəbiyyata, mədəniyyətə göstərilən dövlət qayğısının ifadəsidir.
Vaxtilə ulu öndər Heydər Əliyevin şairin ədəbi fəaliyyətinə verdiyi yüksək qiymətdən danışan nazir müavini bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. XX əsrin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan S. Rüstəm yaradıcılığının hər zaman sevilərək öyrənilməsini deyən natiq şairin Vətənə, insana məhəbbət duyğuları ilə yoğurulan, daim nikbinlik, yaşamaq eşqi aşılayan poeziyasının bundan sonra da sevilə-sevilə oxunacağına əminliyini ifadə edib. Vurğulanıb ki, şair 1938-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR Ali Sovetinin deputatı, 1971-ci ildən Ali Sovetin sədri, eyni zamanda, Dövlət Akademik Milli Dram Teatrının direktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi vəzifələrdə həmişə özünü fəal ictimai-siyasi xadim, ədəbiyyat və mədəniyyətimizin bacarıqlı təşkilatçısı kimi tanıdıb, heç zaman yeni ədəbi gəncliyin yetişməsinə qayğı və köməyini əsirgəməyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb. Xalq Yazıçısı onun ötən əsrin 20-ci illərində işıq üzü görən “Ələmdən nəşəyə” adlı kitabından başlanan yaradıcılıq yolunun müxtəlif mərhələlərindən, o cümlədən S.Rüstəm poeziyasının əsas mövzu və məzmunundan bəhs edib. Qeyd olunub ki, insanlara sevgi, məhəbbət, incə hisslər, xoş duyğular aşılayan lirikası ilə yanaşı, S.Rüstəm Təbriz həsrətli və müharibənin ağrı-acılarını sənətkarlıqla, yüksək bədiiliklə təsvir edərək Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərib. Süleyman Rüstəmin onlarla şeirinə musiqi bəstələnib. Bu gün də muğam üstündə oxunan qəzəlləri insanlara xoş əhval-ruhiyyə bəxş edir. Unudulmaz şairin “Ana və poçtalyon”, “Gün o gün olsun ki...”, “Təbrizim”, “Şəhriyara məktub” və digər şeirləri dillər əzbəri olmaqla yanaşı, həm də gənclərdə vətənpərvərlik hissləri oyadır. Bundan başqa, şair “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi” pyesləri ilə dramaturgiyamızda da öz sözünü deyib.
Qeyd olunub ki, Süleyman Rüstəmin əsərlərində həmişə nikbinlik, həyatsevərlik ruhu duyulur.
Şairlə bağlı xatirələrini danışan Anar Süleyman Rüstəmin zarafatcıl, şux, fəal insan, mehriban ailə başçısı, etibarlı dost olduğunu deyib. Vurğulayıb ki, XX əsr Azərbaycan poeziyasında öz məktəbini yaratmış Süleyman Rüstəmin adı, əsərləri mədəniyyət tariximizdə daim yaşayacaq.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə S.Rüstəmin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.
azertag.az