Oktyabrın 5-də Azərbaycan Yazıçılar Birliyi ilə “ARAZ” Supermarketlər Şəbəkəsi arasında memorandum imzalanıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bildirib ki, bu memorandum kitab satışı işinin sürətləndirilməsi və oxucular arasında kitaba marağın yaradılması məqsədi daşıyır.
Qurumun katibi Rəşad Məcid paytaxtımızda kitab-satış məntəqələrinin az olması və yazarlarımızın xalqa tanıdılması üçün müxtəlif çatışmazlıqların olduğu bir vaxtda bu məsələnin gündəmə gətirilməsini yüksək dəyərləndirb.
“ARAZ” Supermarketlər Şəbəkəsinin satış üzrə icraçı direktoru Ələddin İsmayılov yazıçı və şairləri, qələm adamlarının xalqa tanıdılması, gənclər arasında kitaba marağın artırılması üçün qurulmuş bu əməkdaşlığın yüksək nəticələr verəcəyini söyləyib.
Bildirilib ki, memoranduma əsasən “ARAZ” Supermarketlər Şəbəkəsində daxil ticarət obyektlərində ayrı-ayrı yazarların reklam çarxları nümayiş olunacaq, təqdimatlar keçiriləcək. Əsasən oxuculara şəbəkənin 40 mağazasında “aybKitab.az” layihəsi çərçivəsində işıq üzü görən kitablar təqdim olunacaq.
azertag.az