Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə rayon məktəblərinin gənc müəllimləri arasında Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Nə, Harada, Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
RİH-dən bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Gənclərin intellektual səviyyəsinin artırılması, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin dövlətin daim diqqət mərkəzində saxlandığını diqqətə çatdıran Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov ölkədə gənclər hərəkatına geniş yer ayrıldığını vurğulayıb.
Gərgin keçən intellektual oyunun ümumi nəticəsinə görə 288 nömrəli məktəbin müəllimi Ulduz Kazımova yarışın qalibi olub, 180 nömrəli məktəbin müəllimi Sədiyar Məmmədov ikinci, 233 nömrəli məktəbin müəlliməsi Zənurə Allahyarova isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblərə və fərqlənən iştirakçılara fəxri fərmanlar, xatirə hədiyyələri verilib.
azertag.az