TurStat agentliyi “Woman's Day” saytı ilə birlikdə Yeni il bayramı istirahəti üçün ən münasib qiymətləri olan 10 populyar yerin, o cümlədən dağ-xizək kurortlarının siyahısını tərtib edib.
Azərbaycanın “Şahdağ” dağ-xizək kurortu qış mövsümündə dağ-xizək istirahəti qiymətlərinin münasibliyinə görə Gürcüstanın Qudauri və Bolqarıstanın Pamporovo kurortlarını qabaqlayaraq ikinci yeri tutub, birinciliyi isə Polşanın Zakopane kurortuna verib.
TurStatın məlumatına görə, kurortlarda istirahət büdcələrinin müqayisəsi üçün Moskvadan təyyarə biletinin və həmin kurortlarda bahalı olmayan oteldə bir gün qalmağın qiymətləri nəzərə alınıb: Zakopane, Polşa (16,5 min rub.), Şahdağ, Azərbaycan (17,6 min rub), Qudauri, Gürcüstan (18,1 min rub.), Pamporovo, Bolqarıstan (20,1 min rub.).
Reytinqdə bildirilir ki, “Şahdağ”ın dağ-xizək kurortları arasında yeni məkan olmasından başqa turistlərin müsbət rəyləri, habelə hələlik qələbəlik olmaması qarşıdan gələn qış mövsümündə ona üstünlük verilməsinə şərait yaradır.
“Woman's Day” bahalı olmayan şəhər turlardan Buxaresti (Rumıniya – 16,6 min rub.), Sarayevonu (Bosniya və Herseqovina – 17,1 min rub.) və Budapeşti (Macarıstan – 18,5 min rub.) tövsiyə edir.
Saytın versiyasına görə, Sanya (Çinin Xaynan adası – 39 min rub.), Fukuok (Vyetnam – 40 min rub.) və Sianukvil (Kamboca – 42 min rub.) Yeni il şənlikləri dövründə çimərlik istirahəti üçün cəlbedici yerlərdir.
Rusiyanın qadınlar üçün “Woman's Day” onlayn-jurnalının auditoriyası ayda üç milyondan çox istifadəçidir.
Daha ətraflı informasiya almaq üçün aşağıdakı linkə daxil olun:
http://www.wday.ru/stil-zhizny/vibor-redakcii/byudjetnyiy-stranyi-dlya-novogo-goda/
azertag.az