Mədəniyyət və Turizm Nazirliyinin 10 illiyinə həsr edilən nəşr birinci dərəcəli diploma layiq görülüb
7.10.2016

Nazirliyin 10 illik yubileyinə həsr olunmuş nəşr MDB üzv dövlətlərin “Kitab sənəti” Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülüb.

Nazirlikdən bildirilib ki, Qırğızıstanın paytaxtı Bişkekdə MDB üzv dövlətlərin “Kitab sənəti” adlı 13-cü Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə Azərbaycan Respublikası tərəfindən təqdim olunan “Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab – kataloq” “Birlik” (“Sodrijestvo”) nominasiyası üzrə I dərəcəli diplomla təltif edilib.

Kataloq Mədəniyyət və Turizm Nazirliyinin nəşridir, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Moskva şəhərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasında sözügedən diplom Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən MDB-nin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın XXI iclasında isə kitab-kataloqun MDB-nin xüsusi sərgisində nümayiş etdirilməsi barədə qərar qəbul edilib.

azertag.az