“Art Villa” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək
7.10.2016

Oktyabrın 12-dən “Art Villa” qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı-2016 başlanacaq. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Arts Council Azerbaijan” tərəfindən təşkil ediləcək. Layihənin kuratoru Səbinə Nəcəfovadır.

“Arts Council Azerbaijan” təşkilatından bildirilib ki, festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Təşkilatın bu festivalı keçirməkdə əsas məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsildə maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yaradıcı insanları aşkar etmək, Azərbaycan sənətkarlarını tanımaq və tanıtdırmaqdır. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır.

Oktyabrın 16-dək davam edəcək festival ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi və bayram xarakteri daşıyır. Giriş pulsuzdur.

azertag.az