Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyni adlı filmin Azərbaycandakı çəkilişləri dünən başa çatıb.
Bu haqda filmin baş məsləhətçisi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova məlumat verib.
Sözügedən filmdə Qəmərbanu obrazını canlandıran M.Abbasova bildirib ki, bu gün yaradıcı heyət Türkiyəyə qayıdacaq. Aktrisa onu da söyləyib ki, çəkilişlərin bəzi hissələrinin öncədə Qobustanda və Şamaxıda aparılması planlaşdırılsa da, sonradan təxirə salınıb.
Belə ki, həmin məkanlar çəkiliş üçün əlverişli olmayıb.
“Mahmud və Məryəm” çəkilişləri Şəkidə, Qaxda və Qəbələdə oldu. Onu da deyim ki, çəkilişlərin bir hissəsi Şamaxıda olacaqdı. Filmin rejissoru və texniki heyət həmin məkanlara baxandan sonra yolun uyğun olmayacağı qərarına gəldilər.
Bütün heyətin, böyük tırların dağın başına çıxması mümkünsüzdü. Məkan çox gözəl idi, orada hətta hazırlıqlar da başlamışdı.
Onu da deyim ki, hətta hava şəraitini də əlverişli hesab etmədilər. Yağış yağmasından qorxdular ki, sel daşqını-filan ola bilər. Onları da qorxutdular ki, sel daşsa, işiniz bir həftəyə qədər də uzana bilər. Qobustan üçün də çox isti dedilər. 45 dərəcə isti var orada.
Bir də orada qayalıqlar olduğu üçün çəkiliş qrupu üçün çox çətinliklər olacaqdı. Çünki günəşin altında bir insanı 2-3 saatdan artıq saxlaya bilməzsiniz.
Bir də orada kütləvi səhnələr vardı. Bu da əlverişli deyildi. İnsanların həmin məkana gətirilməsi, oradakı isti işci qrupun planlarını dəyişdi”.
M.Abbasova Şamaxıda və Qobustanda baş tutmayan çəkilişləri Türkiyədə uyğun gələn məkanlarda davam etdirəcəklərini deyib.
“Türkiyədə elə məkanlar seçiləcək ki, sanki çəkiliş Qobustanda, Şamaxıda aparılmış kimi olacaq. Onu da deyim ki, elə çəkiliş məkanları seçdik ki, baxanda sanarsan ki, həmin yer Göygöldür”.
Xatırladaq ki, Türkiyənin “24 Kare” şirkəti tərəfindən çəkilən filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğızısızdır. Musiqisi Aygün Səmədzadəyə məxsusdur.
Filmin baş rollarının ifaçısı Aras Bulut İynemli (Mahmud), Eva Dedovadır (Məryəm). Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək. “Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcək.
Filmdə 25 nəfərlik dublyor heyəti olarkən, sürpriz qonaq aktyorlar da çəkiləcək.
Film bir çox vizual effekti əks etdirəcəyi üçün post-produksion mərhələsi də 3 ay davam edəcək. 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.
Aytən Həsənova
Gün.Az