Türkiyənin Yunus Emre İnstitutunun nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüblər.
AzMİU-dan bildiriblər ki, Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım rəhbərlik etdiyi qurum barədə məlumat verib. Bildirilib ki, Türkiyənin tanınmış təhsil ocaqlarından olan, dünyanın 46 ölkəsində fəaliyyət göstərən institut türk dili və mədəniyyətini təbliğ edir.
Dörd ildir ki, Azərbaycanda Türk Mədəniyyət Mərkəzi kimi xidmət göstərdiklərini söyləyən İ.Yıldırım bu günədək 2.200 tələbənin onlara müraciət etdiyini bildirib. Qonaq görüşün məqsədinin “Mövlana Mübadilə Proqramı” çərçivəsində Türkiyədə təhsil almaq istəyən bakalavr, magistr və doktorantlara türk dilini öyrətmək, Türkiyədəki bütün universitetlərdə qəbul olunan TYS (türkcə yetərlik sınavı) sertifikatını əldə etməyə kömək göstərmək olduğunu deyib.
Sonra institutun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
azertag.az