Onuncu Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmək üçün ölkəmizə gəlmiş Polşanın Elm və Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
ADNSU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsi, həmçinin tədris və mübadilə proqramları, beynəlxalq əməkdaşlıq, yeni fəaliyyətə başlamış Fransız-Azərbaycan Universiteti barədə məlumat verib.
Rektor Polşa universitetləri ilə əlaqələrin, tələbə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Görüşdən məmnunluğunu ifadə edən Polşanın Elm və Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi Mixail Sobçik ADNSU-ya dəvət olunduqları üçün təşəkkürünü bildirib.
Polşanın Adam Miskeviç Universitetinin nümayəndəsi ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, tələbə mübadiləsi və müəllimlərin təcrübə keçmələri üçün əməkdaşlıq haqqında müqavilələrin imzalanması barədə düşündüklərini söyləyib.
azertag.az