Estoniyada “Yourth Exchange “Happy family- a fairy tale or reality” (Xoşbəxt ailə - mif və ya reallıq) adlı layihə çərçivəsində beynəlxalq teatr festivalı keçirilib.
Avropa İttifaqının tələbə və müəllim mübadiləsi üzrə “Erasmus” qeyri-kommersiya proqramının maliyyələşdirdiyi bu layihə sentyabrın 30-dan oktyabrın 8-dək Tallində və Tammispeada yerləşən gənclərin yaradıcılıq düşərgələrində həyata keçirilib. Layihədə 4 ölkə - Azərbaycan, Estoniya, Litva və Rusiya iştirak edib. Azərbaycanı festivalda “Günəş” uşaq teatr-studiyası təmsil edib.
Layihənin təşkilatçısı, Estoniyanın “Uçan inək” uşaq və gənclər teatr studiyalarının rəhbəri Yanika Koppel bildirib ki, layihə ailə dəyərlərinin təbliğinə yönəlib və layihə çərçivəsində uşaqlar başqa xalqların ənənələri, tarixi kökləri ilə tanış olublar.
“Günay” uşaq teatr-studiyası tamaşaçılara Anarın “Dədə Qorqud” povestinin motivləri əsasında hazırlanmış “Üç tonqal” adlı yeni tamaşanı təqdim edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusovadır. O, həm də “Günay” uşaq teatr studiyasının rəhbəridir.
Tamaşanı Azərbaycanın Estoniyadakı səfirliyinin və bu ölkədə yaşayan diasporumuzun nümayəndələri izləyiblər.
azertag.az