Bu gün görkəmli elm nümayəndələrindən biri, şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın ad günüdür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, professor, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı Aida xanım haqqında xatirələrini bölüşüb.
N.Vəlixanlı bildirib ki, o, özünü xoşbəxt sana bilərdi: “Dünyaya gəldiyi gündən həyat onun üzünə gülmüşdü. Onu sevən, nazını çəkən, qayğısına qalan sevimli ata-anası, qohumları, ona bilik dəryasında sərbəst üzməyi öyrədən cəfakeş müəllimləri vardı. Tale ona öz istilik və hərarəti ilə ata ocağından geri qalmayan ər ocağı, hər valideynə qismət olmayan övlad səadəti qismət etmişdi. Aida İmanquliyeva dərin dərrakə və səriştəsini gərgin zəhmət bahasına qazandığı biliklərlə zənginləşdirmiş, fitri istedadından bəhrələnərək seçdiyi və sevdiyi peşəsində ən yüksək pilləyə çatmağa nail ola bilmişdi. Seçdiyi peşə isə dərin bilik və zəka, böyük zəhmət tələb edən alimlik idi”.
Onun sözlərinə görə, Aida İmanquliyeva onu tanıyanların yaddaşında gözəl simalı xanım, yüksək intellekt sahibi olan insan, dərin bilikli, istedadlı alim kimi qalıb: “Onun XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı problemlərinə dair böyük marağa səbəb olan araşdırmaları elm aləmində xüsusi əhəmiyyət kəsb edib, yüksək elmi dairələrdə layiqincə qiymətləndirilib. Maraqlıdır ki, Şərq-Qərb mədəniyyətlərini, onların bir-birinə təsirini tədqiq edən Aida xanımın simasında həmin mədəniyyətlərə məxsus ən gözəl cizgi və xüsusiyyətlər öz əksini tapıb”.
N.Vəlixanlı qeyd edib ki, Aida İmanquliyeva ilə ilk dəfə uşaqlıq dövründə görüşüb: “Bizim bağlarımız bir-birinə yaxın olub. Sonra eyni məktəbdə - 132 saylı məktəbdə oxuduq. Aida xanım məktəbi məndən bir il öncə bitirdi. Həmin il universitetdə ərəb bölməsi açılmışdı, məktəbimizdən Aida ilə birlikdə Rəna Əhmədova və Nərmin Sultanlı da bu bölməyə daxil olmuşdular. Mənim məhz ərəb bölməsinə daxil olmağım da onlara görə baş verdi. Sonra birlikdə eyni fakültədə oxuduq. Nəhayət, uzun illər birlikdə çalışdığımız Şərqşünaslıq İnstitutu bizim doğma evimizə çevrildi”.
O bildirib: “1992-ci ilin fevralında Şərqşünaslıq İnstitutundan Tarix İnstitutuna keçməyimlə əlaqədar ərizəmlə yeni direktor təyin edilmiş Aida xanımın yanına gəldim. Çox səmimi söhbətimiz oldu. Getməyimə heyfsləndiyini bildirdi və dedi: "Nə vaxt qayıtmaq istəsən, həmişə yerin var". Aida xanımın səmimi sözləri məni kövrəltmişdi. Bu hadisədən az bir müddət keçdikdən sonra Aidanın xəstələnərək işə gəlmədiyini eşitdim. Sən demə, bu, bizim bu fani dünyada son görüşümüz imiş...О gündən artıq 24 il keçib. Nə tez keçdi bu illər...Biz artıq yaşa dolmuşuq. Aida xanımın bu gün 77 yaşını qeyd etsək də, yaddaşlarımızda ona zinət olan sadəliyi, cavanlığı, gözəlliyi və cazibədarlığı ilə qalıb. Gözlərimi yumub simasını canlandırmağa çalışsam da, onu yaşlaşmış təsəvvür edə bilmirəm. Gözlərimin qarşısına ilk növbədə onun gülər üzü gəlir. Gözəl simasını işıqlandıran gülüşü vardı: yaraşıqlı, badamı qara gözləri qıyılaraq nurla dolur, sanki qığılcımlar saçırdı. Sonra onun xəfif gülüşünü, həzin, gözəl səsini eşidirəm. Onunla danışmaq, əvvəllər olduğu kimi hal-əhval tutmaq, dərdləşmək istəyirəm. İnanıram ki, Aida haqq dünyasında, sevdiklərinin başı üzərindədir”.
N.Vəlixanlı deyib ki, əslində, hər kəs öz qismətini yaşayır: “Birinin həyatı uzun və mənasız, о birininki isə qısa və mənalı olur. Mənalı və məzmunlu həyat hər kəsə qismət olmur, ölümündən sonra yaşamaq isə az adama nəsib olur. Aida İmanquliyeva öz əsərlərində, onu unutmayan qohumlarının və yaxınlarının, dostlarının ürəklərində, əməllərində və xatirələrində yaşayır”.
trend