“Ədəbiyyat marafonu” layihəsi çərçivəsində tədbir keçirilib
10.10.2016

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “Sağlam düşüncə” Gənclər Təşkilatı, “Kitabevim.az” mağazalar şəbəkəsi və “İB Club” Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Ədəbiyyat marafonu” layihəsinə start verilib.

Tədbirdə layihənin rəhbəri Ayşən Xəlilova “Ədəbiyyat marafonu”nun əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə bədii və elmi ədəbiyyata marağın artırılmasıdır.

Layihə çərçivəsində Azərbaycan yazıçıları ilə gənclərin görüşləri, diskussiyalar keçiriləcək, gənc və tanınmış yazıçıların əsərlərinin müzakirələri təşkil olunacaq. 30 gənc arasında “Ədəbiyyat marafonu” adı altında intellektual müsabiqə keçiriləcək. Müsabiqənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaq, qaliblərə hədiyyələr təqdim ediləcək.

Layihənin budəfəki qonağı tanınmış yazıçı Varis Yolçuyev gənclərin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi apararaq, əsərləri haqqında məlumat verib.

“Bir ovuc torpaq”, “Yaşıl üzlü gündəlik”, “Metamorfoz”, “77-ci gün” və digər əsərləri yüksək tirajla Amerika, Rusiya, Gürcüstan və başqa xarici ölkələrdə nəşr edilən yazıçı özünün bədii ədəbiyyata sevgisindən danışıb, gəncləri mütaliəyə, kitabla dostluğa səsləyib.

Yazıçı sonda imzası ilə kitablarını gənc oxuculara təqdim edib.

Qeyd olunub ki, iki gün davam edən layihənin sonunda iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fləşmob keçiriləcək.

azertag.az