Vyanada “Azərbaycan dili” həftəsonu məktəbi açılıb
10.10.2016

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə yaşayan soydaşlarımızın övladları üçün oktyabr ayından etibarən “Azərbaycan dili” həftəsonu məktəbi açılıb.

Azərbaycandan gətirilmiş dərs vəsaitləri ilə təmin olunan kursda uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq biliklərinə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.

Dil kursuna rəhbərlik edən Yaqut Abdalla ilk dərs günü valideynlərə bildirib ki, uşaqlar, həmçinin xüsusi olaraq hazırlanmış bir-birindən maraqlı layihələrdə iştirak edəcəklər. Qeyd edilib ki, həftədə bir dəfə şənbə günləri keçiriləcək məktəbin məqsədi uşaqların doğma vətənləri Azərbaycan haqqında bilgilərini artırmaq və onlarda Vətən sevgisini aşılamaqdır.

azertag.az