Sabah 57 yaşlı abituriyent tələbə olmaq üçün imtahan verəcək
2.8.2012

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

Komissiyanın mətbuat xidmətindən bildiriblər ki, imtahan 6 şəhərdə - Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçiriləcək.

Orta ümumtəhsil müəssisələrindən 1723 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunub. İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

2012-ci ildə II qrup üzrə 22 867 abituriyent ərizə təqdim edib.

Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış sənəd qəbulu komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verəcəklər.

II ixtisas qrupu üzrə sənəd verənlərin 20 177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14 611 nəfərini oğlanlar, 8256 nəfərini isə qızlar təşkil edir.

14 521 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 7393 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır. 73 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

880 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1955-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakı şəhərində 13 794, Naxçıvanda 1008, Gəncədə 2692, Sumqayıtda 2600, Şəkidə 1385, Lənkəranda isə 1388 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.

II ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 27-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Trend