Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 10 oktyabr - Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki ofisinin, Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Konfrans Dünya Səhiyyə Təşkilatı nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə başlayıb. Qeyd edilib ki, bu il Dünya Psixi Sağlamlıq Günü “İlkin psixoloji yardım” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları ölkəmizdə ilkin və ixtisaslı psixoloji yardımla bağlı görülən tədbirlərdən danışıblar. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən 2016-cı ildən etibarən iri tibb müəssisələrində psixoloq ştatları açılıb.
Tədbirdə Dünya Səhiyyə Təşkilatı və Lissabon Universitetinin psixi sağlamlıq siyasəti və xidmətinin birgə proqramı haqqında, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş psixoloji müayinəyə dair metodik tövsiyələrə dair məruzələr dinlənilib.
Sonda konfrans iştirakçıları psixi sağlamlıq sahəsində ilkin psixoloji yardımın perspektivlərini müzakirə ediblər.
azertag.az