Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə yaşı 20-dən 23-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Kompyuter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.
İştirak etmək istəyən şəxslər 2016-cı il oktyabrın 25-dək http://mia.gov.az./?/az/content/29779/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-92-54 (12-54 daxili).
azertag.az