Oktyabrın 10-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Yevlaxda icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.
Agentlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova icbari tibbi sığorta sisteminin pilot layihəsinin Yevlaxda həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu, sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.
İTSDA-nın direktoru Zaur Əliyev qeyd edib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək”.
Zaur Əliyev bildirib ki, agentlik icbari tibbi sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi icbari tibbi sığortanın baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir: “Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq”, - deyə İTSDA-nın direktoru bildirib.
azertag.az