“Bakcell” Junior Achievement Azərbaycan təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf etdirilməsinə yönəlmiş Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) proqrama start verib.
“Bakcell” şirkətindən verilən məlumata görə, illik proqram çərçivəsində, 45 nəfər universitet tələbəsi təcrübə proqramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcəklər.
Tələbələrin bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkətində staj keçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub.
Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 universitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcək.
Şirkətin baş icraçı direktoru Riçarq Şirer bildirib ki, “Bakcell” gənclərin təlimi və karyera inkişafı üçün sərmayələr yatırır və bu, cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyətimizin bir hissəsidir.
“Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk” - deyə, o qeyd edib.
Alcatel Lucent şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq.
Qeyd edək ki, 2009-cu ildən etibarən “Bakcell” və JAA Azerbaijan Mobil Telekommunikasiya Biznesinə Giriş (MTBG) adlı birgə lahiyəni həyata keçirirlər.
Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə “Bakcell” və Alcatel-Lucent şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilib, işə hazırlıq və biznes etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.
Gün.Az