Gənc vokalçı İtaliyada “Della Valle D’İtria” festivalında iştirak edib
3.8.2012

İstedadlı və gənc vokalçı İlham Nəzərov İtaliyanın Martina Franka şəhərində keçirilən 38-ci “Della Valle D'İtria” (İtriya Vadisi Festivalı) festivalında iştirak edib.

“Üns” yaradıcılıq səhnəsinin və Akademik Opera və Balet Teatrının solisti olan İ.Nəzərov festivalın konsertlərində bir sıra məşhur italyan bəstəkarlarının əsərləri ilə çıxış edib.

Gənc vokalçı festival çərçivəsində 2012-ci il iyulun 30-da Cüzeppe Verdi adına teatrda tamaşaya qoyulmuş Luici Rossinin “Orfey” operasında (üzərində işləyəni Daniela Terranova) baş rolu ifa edib.

Bununla yanaşı, İ.Nəzərov festival ərəfəsində Martina Franka şəhərinin Musiqi Akademiyasında bir çox tanınmış vokalçıların - Mariella Devia, Sonia Prina, Paolo Koni və Antonio Qrekonun ustad siniflərində iştirak edib.

Avropa festivalları Assosiasiyasına daxil olan bu nüfuzlu tədbir, İtaliya Respublikasının Prezidenti və Nazirlər Şurasının himayəsi altında 1975-ci ildən başlayaraq hər il keçirilir. Bu möhtəşəm festivalda iştirak edən peşəkar vokalçıların, dünya opera ulduzlarının ifasını dinləmək üçün hər il festival günlərində dünyanın bir çox ölkələrindən musiqisevərlər Martina Franka şəhərinə gəlirlər.

Aytən Həsənova
Gün.Az