Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarına bu il qəbul olunmuş rezidentlərlə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən bildirilib ki, tədbirdə rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verilib.
ATU-nun rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədov bildirib ki, rezidentlər artıq gələcəyin yüksəkixtisaslı həkimləridir. Onlar üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidirlər. Çünki bu klinikalarda lazımi şərait müasir standartlara uyğun qurulub və rezidentlərin həm nəzəri, həm də praktiki vərdişlərə yiyələnmələri üçün hər cür imkan yaradılıb.
Xarici ölkələrdə keçirilən elmi konfranslarda hansı rezidentlərin iştirak edəcəyinə gəlincə, R.Məmmədov deyib ki, əsasən elmi biliklərin mənimsənilməsində daim fəallıq göstərən və xəstələrlə mütəmadi təmasda olan rezidentlər bu kimi konfranslarda iştirak edə biləcəklər.
Daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, Tədris Terapevtik Klinikasının baş həkimi, nefroloq Elnur Fərəcov, Stomatoloji Klinikanın direktoru, professor Alqış Səfərov çıxış edərək rezidentlərə təbriklərini çatdırıb, onlara seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnmələrini tövsiyə ediblər. Qeyd olunub ki, klinikalarda tədris-təlim mərkəzi yaradılıb. Bu da rezidentlərin təcrübələrinin artırılmasında mühüm rol oynayacaq. Ölkəmizdəki tibb ocaqlarında, eləcə də ATU-nun klinikalarında dünya standartlarına uyğun müayinə və müalicə üsullarının tətbiqinə başlanıldığı vurğulanıb.
Rezidentlərlə xarici dil biliklərini təkmilləşdirmələri məsləhət görülüb. Bildirilib ki, tibb sahəsi daim yeniliklərə açıq olan sahədir. Ona görə də həkim imicinin yüksək səviyyədə formalaşmasında rezidentlərin üzərinə böyük məsuliyyət düşür.
Tədbir qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatıb.
Qeyd edək ki, ATU-ya bu il 138 rezident qəbul olub. Onlardan 61 nəfəri Tədris Terapevtik Klinikasında, 42 nəfəri Tədris Cərrahiyyə Klinikasında, 20 nəfəri Stomatoloji Klinikada, digərləri isə ATU-nun müxtəlif bazalarında fəaliyyət göstərirlər.
azertag.az