Gənc mühəndislərin “Yay akademiyası” uğurla başa çatıb
11.10.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Xəzər Mühəndisləri” İctimai Birliyinin gənc mühəndislər üçün təşkil etdiyi “Yay akademiyası” uğurla başa çatıb.

Layihəyə bir sıra şirkətlər maraq göstərərək texniki dəstək veriblər.

Avropa Milli Mühəndislər Assosiasiyaları Mərkəzi Şurasının Azərbaycanda nümayəndəsi, “Gənc Xəzər Mühəndisləri” İctimai Birliyinin sədri Həsən Abbasov bildirib ki, “Yay akademiyası” dünyada məşhurdur və bu praktikadan Qərb ölkələrində geniş istifadə olunur. Bu qısamüddətli akademiyalardakı tədris adi universitet təhsilindən bir az fərqlənir. Çünki burada vizual məşğələlər, komanda halında çalışmalar, real sənaye modelləri, müasir texnologiya tətbiqi misallarından geniş istifadə edilir.

Onun sözlərinə görə, “Yay akademiyası”nda iştirak üçün Azərbaycanda və xaricdə təhsil alan 300-ə qədər tələbə müraciət edib. Seçim turu əsasında 25 tələbə yeddi gün ərzində “Yay akademiyası”nda iştirak etmək hüququ qazanıb. Onlar üçün geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, mexaniki qurğular, alternativ enerji istehsalı üsulları, informasiya texnologiyaları, elektrik və cihazqayırma mühəndisliyinin real sənaye tətbiqi haqqında təqdimatlar keçirilib. Bundan əlavə, bilikləri möhkəmləndirmək üçün məşğələlər, sənaye müəssisələrinə ekskursiyalar təşkil edilib.

“Yay akademiyası” proqramının tərtibatında xarici ölkələrin nüfuzlu universitetlərinin məzunları olan gənc mütəxəssislər də iştirak ediblər.

Sonuncu gün iştirakçılar əvvəlcədən onlara verilmiş mövzular üzrə hazırlaşaraq öz təqdimatlarını keçiriblər. Münsiflər heyətinin qərarına əsasən, “CES stars” komandası birinci yerə layiq görülüb.

“Yay akademiyası”nın iştirakçılarına sertifikatlar verilib.

azertag.az