Azərbaycan-Almaniya əlaqələrinin inkişafında xidməti olan gənc tədqiqatçı mükafatlandırılıb
11.10.2016

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ilə Almaniya arasında dostluq əlaqələrinin inkişafında xüsusi xidməti olan gənc tədqiqatçı, bu ölkədə qədim və orta əsrlər alman dili və ədəbiyyatı üzrə magistr dərəcəsi almış Gülsüm Əsədullayevanın “Hayner və Ziqlinde Hartman” mükafatına layiq görülməsi ilə əlaqədar tədbir keçirilib.

Universitetdən bildiriblər ki, tədbirdə almaniyalı professor, alman dili və ədəbiyyatı üzrə tanınmış tədqiqatçı Ziqlinde Hartman ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixindən, bu əlaqələrin inkişafında BSU-nun rolundan danışıb. O, gənc tədqiqatçıya hər semestr 1500 avro (min beş yüz) məbləğində qrantın təqdim olunacağını vurğulayıb.

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini xatırladan BSU-nun rektoru, professor Nurlanə Əliyeva vurğulayıb ki, tədbir bu baxımdan layiqli töhfədir. Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumundan bəhs edən rektor diqqətə çatdırıb ki, Forum xalqlarımız arasında isti münasibətlərin daha da dərinləşəcəyinə, dil, ədəbiyyat, mədəniyyət, tarix, etnoqrafiya və digər sahələrdə qarşılıqlı tədqiqatların genişlənəcəyinə şərait yaradacaq.

Sonra BSU-nun məktəb-lisey kompleksinin şagirdləri Azərbaycanın və Almaniyanın dövlət himnlərini ifa ediblər.

Daha sonra BSU-nun Germanistika İnstitutu tələbələrinin ifasında Haynrixfon Morunqenin “Ove” nəğməsi səsləndirilib, həmçinin İohan Volfqanq fon Hötenin “Zauberlehrling” əsərindən səhnəcik nümayiş olunub.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

azertag.az