AMEA ilə "Thomson Reuters" arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11.10.2016

Azərbaycanın elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilat olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, müqaviləyə əsasən, AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcək.

A.Əlizadə qeyd edib ki, “Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına 3 əsas: “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilə çərçivəsində “Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan elmi yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi nəzərdə tutulur.

A.Əlizadə bu müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.

“Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan deyib ki, müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək: "Bizim üçün AMEA ilə əməkdaşlıq Azərbaycan ilə əlaqələrimizin tarixində çox mühüm mərhələdir. Biz peşəkar dialoqumuza xüsusi əhəmiyyət veririk, AMEA və onun elmi-tədqiqat institutları ilə güclü ümumi proqram yaratmağa nail olacağımıza inanırıq”.

trend