Bakıda "AICT 2016" konfransı işə başlayıb
12.10.2016

Bu gün Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işə başlayıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verilir ki, tədbir Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.
Konfransın təşkilinin əsas məqsədi müxtəlif ölkələrdən ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını, mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Tədbir İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni, keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirir.
Oktyabrın 14-dək davam edəcək konfransda “Böyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, konfransın 10 illik yubileyi münasibətilə “AICT 2016” çərçivəsində bir sıra mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulur.

report.az