Azərbaycan Dövlət Musiqili Teatrının Yaradıcılıq Studiyasında yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjeti əsasında səhnələşdirib. “Bremen musiqiçiləri və Pen” adlanan musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Zaur Əliyevdir. O, eyni zamanda, tamaşanın musiqi tərtibatçısıdır.
Z.Əliyev bildirib ki, tamaşanın əsas məqsədi dostluğun insan həyatında necə mühüm rol oynadığını maraqlı, dinamik süjet xətti vasitəsilə balaca tamaşaçılara aşılamaqdır. Məşhur nağılların əsasında hazırlanan bu səhnə əsərində Xeyir ilə Şərin mübarizəsinin sonunda dostluğun, qorxmazlığın, dürüstlüyün və ən vacibi – ləyaqətin qalib gəlməsi tərənnüm olunur.
Tamaşanın rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Afaq Bayramova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayevadır. Rolları teatrın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova və başqaları ifa edirlər.
azertag.az