Oktyabrın 12-də “Art Villa” qalereyasında “Dekorativ-Tətbiqi Sənət Festivalı-2016”nın açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Arts Council Azerbaijan” tərəfindən təşkil edilib.
Festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər nümayiş olunub.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bu cür layihələrə istedadlı rəssamların cəlb olunduğunu deyib. Bildirib ki, bu festivalda xalça üslubuna üstünlük verilir. Müvafiq layihələrə həvəskar rəssam və fotoqraflar da qoşula bilər. “Arts Council Azerbaijan” təşkilatı hər zaman gənclərə dəstək olmağa hazırdır.
Layihənin kuratoru Səbinə Nəcəfova diqqətə çatdırıb ki, festivalı keçirməkdə əsas məqsəd dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsildə maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yaradıcı insanları üzə çıxarmaq, Azərbaycan sənətkarlarını tanımaq və tanıtdırmaqdır. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etdirmək üçün böyük imkan yaradır. Səbinə Nəcəfova gənc rəssamlara dəstək olan bu layihənin həyata keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edib və layihənin davamlı olacağını bildirib.
Tədbirdə müəlliflər öz əl işləri barədə məlumat veriblər.
Oktyabrın 16-dək davam edəcək festival ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi və bayram xarakteri daşıyır.
azertag.az