Noyabrın 1-dən Azərbaycanda icbari avtosığorta şəhadətnamələri yalnız onlayn satılacaq
13.10.2016

İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın sığorta şirkətlərinə müraciət edib. Müraciət İSB-nin icraçı direktoru Elxan Quliyevin adından edilib.
Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına keçid tarixi 1 noyabr 2016-cı il müəyyən olunub.
"Bu tarixə qədər sığorta şirkətləri daxili proqram təminatlarını Büronun elektron informasiya sisteminə tam uyğunlaşdırmalı, “Sığorta fəaliyyəti haqqında” qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortalılar üçün elektron sığorta müqaviləsinə çıxış imkanı yaratmalı və Büronun elektron informasiya sisteminə qoşulmanı VPN xətti üzərindən həyata keçirməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Bununla əlaqədar, AVSMMİS üzrə şəhadətnamə blanklarının İSB tərəfindən mətbəədə çap edilməsi məqsədilə şirkətlər tərəfindən müvafiq icbari sığorta növü üzrə şəhadətnamə blanklarına olan ehtiyacın miqdarı barədə Büronun maliyyə, investisiya və uçot şöbəsinə bildirmələri xahiş olunur.

report.az