Bakıda keçirilən “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işini Bakı Dövlət Universitetində (BDU) davam etdirir.
Müxtəlif ölkələrdən olan nümayəndələrin iştirak etdikləri tədbirdə BDU-nun prorektoru, professor Aydın Kazımzadə universitetin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, BDU-nun 17 fakültəsində ümumilikdə 20 minədək tələbə təhsil alır.
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində reallaşdırılan tədbirlərdən bəhs edən A.Kazımzadə konfransın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə keçirilir.
azertag.az