Dünyanın bir çox inkişaf etmiş ölkələrində insanlar demək olar ki, hər ay psixoloq xidmətinə müraciət edirlər. Qeyri-rəsmi statistikaya görə, mövcud xəstəliklərin 80 faizindən çoxu insanın psixikası və sinir sisteminin pis olması ilə bağlıdır. Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının professoru Nadir İsmayılov ölkəmizdə bu sahədə vəziyyət, mövcud problemlər və onların həlli yolları ilə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanda psixiatrlara müraciət edənlərin sayının az olduğunu deyirlər. Sizcə, bu, nə ilə əlaqədardır?
- Mən az olduğunu deməzdim. Bəzən o qədər xəstəm olur ki, müraciət etdikləri gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı Psixoloji Mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə müalicə alır.
- Müraciətlər ən çox hansı problemlərlə bağlıdır?
- Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin stresslə əlaqədar olan xəstəliklərdə – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var. Lakin şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur. Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür.
- Qeyd etdiniz ki, intiharların sayı artır. Bu artımda psixoloji problemlərin rolu varmı?
- Əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının gündən-günə artdığını görürük. Bəlkə də, əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik. İntiharların əsas səbəbi ictimai problemlərlə - əhali arasında olan gərginlik, gərgin həyat rejimi və s. ilə bağlıdır. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır. Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib. Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük.
- Bir mütəxəssis kimi depressiya, stressdən qorunmağın yolları barədə hansı məsləhətləri verərdiniz? Ümumiyyətlə, depressiyanı xəstəlik kimi qiymətləndirmək olarmı?
- Bu məsələdə ən önəmlisi düzgün rejimli həyat tərzidir. İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əks təqdirdə, bu cür qeyri-düzgün rejimlə stressə düşməmək mümkün deyil.
- İnternetin həm də gənclərin psixologiyasına mənfi təsirindən gileylənirlər. Bu fikirlər nə dərəcədə düzgündür?
- Əlbəttə, internetin mənfi təsirləri var. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan dəfələrlə artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə olurlar. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik.
- Uşaqlarda psixoloji problemlərin daha dərin yaşandığını deyirlər. Valideynlər uşağın hansı yaşında diqqətli olmalıdırlar?
- Uşaqlarla məşğul olmaq psixologiyanın, pedaqogikanın böyük bir sahəsidir. Uşaq psixologiyası ilə təkcə biz psixoloqlar deyil – uşaq nevroloqları, psixoloqlar, pedaqoji işçilər, ictimai təşkilatlar, məktəblər də məşğul olurlar. Biz öz sahəmizə uyğun olaraq uşaqlar psixi narahatlığı aşkarlayıb müalicə etmək üçün psixoprofilaktika aparılmasına, onlar üçün düzgün həyat rejiminin yaradılmasına diqqət yetiririk. Yəni uşaqların sağlam böyüməsində hər kəs iştirak etməlidir, bu proses hərtərəfli aparılmalıdır.
- Psixologiya sahəsində kifayət qədər peşəkar kadrlar varmı?
- Əminliklə deyə bilərəm ki, yaxşı kadrların yetişdirilməsi prosesi gedir. Mən özüm də tələbələrlə işlərə çox diqqətlə yanaşıram. Tədris prosesi üçün çox önəmli olan praktikalara cəlb edirəm.
- Xəstəni dərmansız, sözlə sağaltmaq mümkündürmü?
- Sözlə müalicə təbabət elminin bir qolu olan psixoterapiyada mövcuddur. Mərkəzi sinir sisteminin bütün funksional xəstəlikləri, psixosomatik xəstəliklər daha çox psixoterapiya ilə müalicə olunan xəstəliklərdir. Ən azı 100-ə qədər sindrom və xəstəliklər var ki, onlar psixoterapiya ilə daha yaxşı müalicə olunur. Bu sahədə Bexterev, Freyd kimi tanınmış alimlərin adlarını çəkmək olar. Təəssüf ki, son zamanlar bizdə psixoterapiyanın tədrisinə diqqət azaldılıb. Ümid edirəm ki, ATU-da bundan sonra bu məsələyə diqqət artırılacaq.
azertag.az