“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda “dəyirmi masa” keçirilib
14.10.2016

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi və böyük şair Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibətilə “dəyirmi masa” keçirilib.

Bu barədə Hüseyn Cavidin Ev Muzeyindən məlumat verilib.

“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda keçirilən tədbir Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid poeziya günləri komissiyası tərəfindən təşkil olunub.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı deyib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərib. Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunması da bu diqqətin nümunəsidir.

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli böyük şairin, cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirib.

Sonda Hüseyn Cavidin şeirləri və onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

azertag.az