Balakəndə gənc mədəniyyət işçiləri ilə görüş keçirilib
14.10.2016

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasına hazırlıq məqsədilə Elmi-Metodiki Mərkəzin (EMM) üzvləri Balakəndə gənclərlə görüş keçirib.

Mərkəzdən bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qurumun direktoru Asif Usubəliyev Azərbaycanda reallaşan mədəniyyət siyasətindən söz açıb və bu istiqamətdə işlərin daha da sürətləndirilməsi üçün gənclərin potensialının səfərbər olunmasının vacibliyini qeyd edib.

Balakən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şəfəq Hacıyeva, EMM-in əməkdaşları Aygün Balabəyova, Pərvanə Hüseynova, Nurəddin Babayev və başqaları qarşılıqlı əlaqələrin genişləndirilməsinin faydalarından danışıb, birgə görülə biləcək layihələr barəsində fikir mübadiləsi aparıblar.

Bildirilib ki, belə görüşlər artıq Lerik, Masallı, Lənkəran, Cəlilabad və Astara rayonlarının gənc mədəniyyət işçilərinin iştirakı ilə də keçirilib.

Sonda rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı təqdim olunub.

azertag.az