Lətif Kərimovun 110 illik yubileyi münasibətilə sərgi açılıb
17.10.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş sərgi keçirilib.

İdarədən bildirilib ki, sərgidə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işləri yer alıb.

Tədbirdə Lətif Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib və videomateriallar nümayiş etdirilib.

Bildirilib ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirib və elmi əsasını qoyub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbini (Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz) müəyyən edib və bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin zənginləşməsinə öz töhfəsini verib. Lətif Kərimov tədqiq etdiyi xalçaları 1961-ci ildə kitab halında çap etdirib. “Azərbaycan xalçası” adlanan bu kitabla o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları, 1300-dən artıq elementin açmasını, əyani təcrübələri bir yerə toplayıb. Kitab xarici tədqiqatçılar üçün mühüm mənbə rolunu oynamaqla yanaşı, dünyada Azərbaycan xalçasının “Şərq”, “İran”, “Qafqaz” adı altında təqdimatının səhv yanaşma olduğunu sübut edib.

Xalçaçı rəssam Eldar Mikayılzadə və rəssam Arif Hüseynov Lətif Kərimovla bağlı xatirələrini bölüşüblər.

azertag.az