Oktyabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Elm çırağı” İctimai Birliyinin “Azərbaycan və İspaniya elm və mədəniyyət müstəvisində” mövzusunda elmi seminarı keçirilib.
İctimai birliyin sədri, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin (BSU) ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Naidə Məmmədxanova çıxış edərək elmi seminarın mövzusunun Azərbaycan və İspaniya arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğunu söyləyib. Bildirib ki, hələ eramızdan əvvəl II əsrdə Azərbaycan ərazisindən Böyük İpək Yolu keçib və bir çox qədim mədəniyyət və sivilizasiyalar ölkəmizin ərazisində öz izlərini qoyublar.
Azərbaycan-İspaniya əlaqələrinin tarixi köklərindən söz açan professor Naidə Məmmədxanova deyib: “Bu iki ölkə arasında münasibətlərin tarixinə dair bir çox maraqlı faktlar var. Məsələn, Səfəvilər dövləti Qərbi Avropa ölkələri, o cümlədən İspaniya ilə sıx əlaqə saxlayıb. Digər maraqlı fakt XX əsrin 40-cı illərinə aiddir. Belə ki, 44 ispan təyyarəçiyə Gəncədə yay məktəbində təlim keçilib və onlar Böyük Vətən müharibəsi illərində Sovet İttifaqının tərəfində döyüşüblər. Bu barədə 2011-ci ildə film də çəkilib və hazırda Gəncədə ispan təyyarəçilərinin Azərbaycanda olması ilə bağlı muzey də var”.
Professor N.Məmmədxanova diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında coğrafi məsafənin uzaqlığına və tarixi yolların fərqli olmasına baxmayaraq diplomatik münasibətlər genişlənməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə rektor Fərhad Bədəlbəylinin adından İspaniya Krallığının müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarezi salamlayıb. Professor G.Abdullazadə Azərbaycan musiqi mədəniyyətində ispan mövzusundan söz açıb, bu baxımdan görkəmli bəstəkar Qara Qarayevin əsərlərini vurğulayıb. Diqqətə çatdırıb ki, hər iki ölkə şərq mədəniyyətinin daşıyıcısıdır. Bu gün azərbaycanlı tələbələr İspaniyada təhsil alırlar.
İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez elmi seminarın təşkilinə görə “Elm çırağı” İctimai Birliyinin sədrinə təşəkkürünü bildirib. Azərbaycan və İspaniya mədəniyyətlərinin təkamülünü müəyyənləşdirən ümumi cəhətlərə toxunan müvəqqəti işlər vəkili qeyd edib ki, Azərbaycan Avropa və Asiya, İspaniya isə Avropa və Afrika, habelə Avropa və Amerika arasında körpü rolunu oynayır. Hər iki ölkənin xalqı tarixən öz qonşularının, işğalçıların bu və ya digər təsirinə məruz qalsa da, milli dəyərlərini qoruyub saxlayıb və öz sivilizasiyasını yaradıb. Xose Luis Diez Xuarez bu cür tədbirlərin iki xalqın bir-birini daha yaxından tanıması işinə növbəti töhfə olacağını deyib.
Elmi seminarda filologiya elmləri doktoru, BSU-nun ümumi və rus dilçiliyi kafedrasının professoru Aslan Məmmədlinin “Napoleonun İspaniyaya yürüşünün tarixi”, AMEA-nın Fəlsəfə İnstitutunun dilşünaslıq və mədəniyyət fəlsəfəsi şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Həsənağa Məmmədlinin “H.Orteqa-i-Qasset. “Fəlsəfə nədir?”, professor Naidə Məmmədxanovanın “Don Juan və Don Kixot: həqiqət və gerçəklik arasında” mövzularında məruzələri dinlənilib.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış ediblər. Tədbir çərçivəsində gənc rəssam Ceyran Mirqasımın rəsm əsərləri nümayiş olunub.
azertag.az