Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində ispan musiqisi və poeziyası axşamı keçirilib.
Layihənin rəhbəri Nigar Həsənzadə tədbirin əhəmiyyətindən danışıb. O, ispan ədiblərinin və musiqi xadimlərinin əsərlərinin Azərbaycan oxucuları üçün də maraqlı olduğunu söyləyib. Bu imkanı yaratdığı üçün İspaniyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib.
Tədbirdə İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin hazırkı vəziyyəti, perspektivləri, əməkdaşlıq məsələləri barədə danışıb. İki ölkə arasında mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan diplomat belə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Azərbaycan Dillər Universitetinin ispan dili müəllimi Fransisko Kapilya layihənin təşkilatçılarına minnətdarlığını bildirib. İspan ədəbiyyatının və musiqisinin təbliğində layihənin əvəzsiz töhfə olduğunu söyləyib.
Sonda Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edilib.
Tamaşaçılar Migel de Servantesin, Xorxe Manrikenin, Qustavo Adolfo Bekerin, Federiko Qarsiya Lorkonun əsərlərini, həzin ispan musiqisini və çılğın ispan rəqslərini alqışlarla qarşılayıblar.
azertag.az