Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Xatirələrim” adlı sərgi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutub.
Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Deyib ki, Asiman təxəllüsü ilə tablolarını ərsəyə gətirən rəssam fırçanın dili və müxtəlif rəng çalarları ilə Abşeron təbiətini, qədim Bakının gəzməli-görməli yerlərini sənətsevərlərə müfəssəl çatdıra bilib. Fırça ustası əsərlərində ciddi axtarışlardan sonra ərsəyə gətirdiyi bədii görkəm cəlbediciliyi ilə hər kəsi düşünməyə vadar edir. Təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə inanırsan ki, əsl rəssamlıq doğrudan da başqalarının görə bilmədiklərini kəşf etməkdən və yaxud da, adi gözlə yaxşı görünənləri çox fərqli rakursdan bədiiləşdirə bilməkdən başlayır.
Vurğulanıb ki, rəssamın müxtəlif janrda yaratdığı sənət əsərləri əsasən vətənpərvərlik mövzusuna həsr olunub.
Rəssam İntiqam Ağayev sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi bir həftə davam edəcək.
azertag.az